Valyuta məzənnəsi: $ 1.7 € 1.8246 ₽ 0.0185 ₺ 0.0525
AZ EN RU

Hadisələr

Vyanada xocali soyqirimina həsr olunmuş fotosərgi açilmişdi

25.02.2014

Vyanada xocali soyqirimina həsr olunmuş fotosərgi açilmişdi

Fevralın 25-də Vyanada fəaliyyət göstərən “Time” qalereyasında bəşər tarixinin ən qanlı cinayətlərindən biri olan Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar fotosərgi açılmışdır. Bu sərgidə Vyana şəhərində ezamiyyətdə olan CPC əməkdaşları Anar Məmmədov və Elçin Əliyev də iştirak etmişdir.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təqdim olunmuş fotolar əsasında tərtib edilmiş sərginin açılışında yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız iştirak etmişlər. Sərginin açılışında əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Sonra “Vyana Mədəniyyət Dərnəyi”nin rəhbəri, “Yaşıllar” Partiyasından Vyananın birinci rayonu üzrə nümayəndəsi və “Time” qalereyasının sahibi Qünter Vaxtl çıxış edərək, insanları düşünməyə çağıran sərginin həsr olunduğu Xocalı soyqırımı, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi kökləri barədə danışmışdır. O demişdir ki, rəhbərlik etdiyi qurum bəşəriyyətə, humanizmə və ədalətə qarşı ən qatı cinayətlərdən biri olan Xocalı soyqırımı kimi mövzuları ictimaiyyətə çatdırmağı özünə mənəvi borc bilir və bu mövzunun unutdurulmağa cəhd olunduğu müasir dövrümüzdə həmin soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması xüsusi əhəmiyyət daşıyır. G. Vaxtl sonda sərginin təşkil olunmasına göstərdiyi maddi və texniki dəstəyə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Avstriyadakı nümayəndəliyinə təşəkkürünü bildirmişdir.

Sərgi salonunda qurulmuş ekranlarda Xocalı soyqırımı, bu hadisəyə aparan yol və ümumiyyətlə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə həsr olunmuş sənədli film və videoçarxlar nümayiş etdirilmişdir.